Xəbər verdiyimiz kimi, fövqəladə hallar naziri Kəmaləddin Heydərova yeni müavin təyin edilib. Prezident İlham Əliyevun sərəncamı ilə general-mayor Adil Abdullayev nazir müavini postuna təyinat alıb.
Modern.az saytının məlumatına görə, general-mayor Adil Abdullayev 21 sentyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var. Adil Abdullayev son təyinata qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb. O, FHN-dən öncə Dövlət Gömrük Komitəsində Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub. Qeyd edək ki, fövqəladə hallar nazirin sabiq müavini, general-leytenant Nazim Məmmədov dünyasını dəyişəndən sonra (2022-ci ilin avqustundan-red.) bu vəzifə boş idi. Hazırda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun 8 müavini var: Rəfail Mirzəyev – 1-ci müavin; Faiq Tağı-zadə - müavin; Etibar Mirzəyev – müavin; Ragim Lətifov – müavin; Orucəli Hacıyev – müavin; Teymur Mehdiyev – müavin; Tapdıq Əmiraslanov - müavin; Adil Abdullayev müavin. General-polkovnik Kəmaləddin Heydərov hazırda müavinləri ən çox olan nazirdir. A.Qorxmaz